Ali Məhkəmə qətl törətməkdə təqsirləndirilən “Ağdam bandası”nın başçısı Murad Məmmədovun kassasiya şikayətini təmin etməyib. Bu haqda dekabrın 9-da Report məlumat yayıb.
Sözügedən şəxs 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakıda polisin keçirdiyi əməliyyatlar nəticəsində həbs edilib. O, “banditizm”, “hədə-qorxu ilə tələb etmə”, “qəsdən adam öldürmə”, və Cinayət Məcəlləsinin digər maddələri ilə ittiham olunub.
Qeyd edilir ki, M.Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlıya 24 illik cəza verilib. Məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı həmin vaxt onlara 300 min rubl verərək başqa bir azərbaycanlının öldürülməsini istəyib. Onun rəhbərlik etdiyi cinayətkar dəstənin digər üzvləri beş adamın qətlini təşkil ediblər.
M.Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. O, hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Bu şikayətin təmin edilmədiyi üçün cinayətkar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdir.