Azərbaycan vətəndaşı, 36 yaşlı Elçin Ağayev Almaniyanın Kalletal şəhərində iyunun 18-nə keçən gecə törədilən qətldə şübhəli bilinərək axtarışa verilib. Bu haqda iyulun 2-də Report məlumat yayıb.
Ehtimal edilir ki, E.Ağayev 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib, daha sonra isə həmin şəxslə birgə yaşayan keçmiş sevgilisinə təcavüz edib.
Bielefeld şəhər polisi istintaqdan yayınan azərbaycanlının tapılmasında kömək edənlərə 5 000 avro pul mükafatı ayırıb. Onun axtarışlarına helikopterlər də cəlb edilib.
Bununla yanaşı, Elçin Ağayevin axtarışda olduğu rayonda iyunun 27-də 75 yaşlı qadının meyiti aşkarlanıb. Hazırda bu cinayətin E.Ağayevlə bağlı olub-olmaması araşdırılır.
Həmçinin qonşu ölkələrə də xəbərdarlıq edilib. Avropa Polisinin məlumat bazasında E.Ağayev “olduqca təhlükəli və silahlı” şəxs kimi qeyd olunub.
Bielefeld şəhər polisi axtarışda olan şəxsi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmalarını xahiş edib.