Avropa Yenidənqurma və İnkişaf Bankı "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) tikintisinə 51 milyon dollar məbləğində kredit ayrılmasını təsdiq edib. Bu barədə 12 may tarixində APA məlumat verib.
Məlumata əsasən, ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC sözügedən layihədə borcalan qismində çıxış edir.
Bildirilib ki, Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.
Qeyd edək ki, layihənin ümumi dəyəri 240 milyon dollardır. "Qaradağ" GES-də istehsal edilən enerji 110 min mənzili elektrik enerjisi ilə təmin edə biləcək. Qaradağ Günəş Elektrik Stansiyasının təməli martın 15-də qoyulub. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir.