Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi və Azərbaycan SSR Dövlət mükafatı laureatı Fəridə Məmmədova 85 yaşında dünyasını dəyişib. Bu haqda dekabrın 8-də Tarix İnstitutunun Mətbuat Xidməti məlumat verib.
Tarixçi alim öz vəsiyyətinə uyğun olaraq, Salyan rayonunda dəfn olunacaq.
İlk dəfə Fəridə Məmmədova tərəfindən Qafqaz Albaniyasında feodal münasibətlərin genezisi problemi tədqiq olunmuşdur. O, Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərin yaranmasını və inkişafını elmi şəkildə əsaslandırmışdır.
Həmçinin tarixçi Albaniyada xristianlığın yayılmasını və alban kilsəsinin yaranması tarixini izahlı şəkildə yazmışdır.
Alim Ermənistan dövlətinin Qafqazda deyil, kiçik Asiyada mövcud olmasını sübut etmişdir və Qarabağ tarixi haqqında yazmışdır.