Bu il Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş verib. Bu barədə dekabrın 29-da Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.
İl ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, habelə Qusar-Quba, Talış zonalarında yüksək seysmoloji aktivlik qeydə alınıb.
Həmçinin Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb.
Zaqatala-Balakən bölgəsində isə seysmiklik zəif olub.
Mərkəz tərəfindən bugünədək ümumilikdə 14 652 yeraltı təkan qeydə alınıb. Onlardan 3 960-ı Azərbaycan ərazisində, 7 975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verib.
Məlumata əsasən, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi aradan qaldırıldıqdan sonra 10 seysmik stansiyanın quraşdırılması gözlənilir.