"Biz ABŞ-nin, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq".
Bunu Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı xatırladıb ki, Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilib: "Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun yumşaq desək, doğru olmadığı ortaya çıxdı".
Prezident qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dəki səfirliklərinə qarşı təxribatlar törədilib: ”Sonuncu təcavüz aktının, terrorun - Azərbaycanın ABŞ-dəki səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının da görüntüləri var. Biz ABŞ-nin, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib”.