Azərbaycanda minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminin tətbiqinə başlanılıb. Bu barədə 11 may tarixində Sahibkarlığın İnkişafı Fondunun rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, ilkin olaraq şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un və makaron istehsalçılarının aldıqları kreditlər üzrə faizlərin subsidiyalaşdırılması həyata keçiriləcək. Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlar 2022-ci ildə aldıqları kreditlərin subsidiyalaşdırılması üçün krediti verən təşkilata müraciət edə bilərlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.