Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Bununla bağlı mayın 18-də Prezident İlham Əliyev İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edib.
Narkotiklərin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda isə həbs cəzaları tətbiq olunacağı müəyyənləşir.
Narkotikləri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Həmin əməllər külli miqdarda törədildikdə 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməllər xüsusilə külli miqdarda törədildikdə 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Narkotik vasitələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək cərimə edilir, işin hallarına görə, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 2 ayadək inzibati həbs tətbiq ediləcək.