Azərbaycanda ilk dəfə olaraq nar bağlarının sığortasına başlanılıb. Bu barədə 17 may tarixində Aqrar Sığorta Fondu məlumat verib.
Məlumata əsasən, təminat verilən risklər sırasına dolu, sel-su basma, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Sığorta tarifi ölkənin ayrı-ayrı regionlarından asılı olaraq 1,62%-3,08% arasında dəyişir. Sözügedən bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1,65% təşkil edir. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.