2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 50,8 milyard manatdan çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 13 iyun tarixli hesabatında əks olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5%, qeyri-neft-qaz sektorunda isə 11% artıb. ÜDM istehsalının 54,7%-i sənaye, 7,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, qalan 31,6%-i isə digər sahələrin payına düşüb.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 063,1 manat təşkil edib.