Zəngilan rayonunun “Vejnəli” qızıl yatağında ilkin kəşfiyyat və qiymətləndirmə işlərinə başlanılıb. Bu mərhələnin növbəti 6 ayda tamamlanması gözlənilir. Bu haqda millət vəkili iqtisadçı-ekspert Vüqar Bayramov iyunun 5-də paylaşım edib.
Sözügedən yataqda qızıl ehtiyatlarının həcmi 6,5 tondur: “Bu qiymətləndirmə işğaldan əvvəl, yəni keçmiş SSRİ dövründə aparılıb. Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür”.
Deputatın fikrincə, Şərqi Zəngəzurda qızıl istehsalının bərpa edilməsi və genişləndirilməsi Azərbaycanda yeni emal sənayesinin formalaşmasına imkan verəcək. Həmin yataqda hasil ediləcək qızılın bir qismi emal olunacaq və daxili bazara çıxarılacaq.
“Həmin yataqda hasil ediləcək qızılın bir qismi emal olunacaq və daxili bazara çıxarılacaq. Beləliklə, bazara yerli istehsal qızıl məmulatlarının çıxarılacağı gözlənilir”, - deyə V.Bayramov bildirib.
O, həmçinin əlavə edib ki, bu, həm də Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olacaq.