Laçın Beynəlxalq Hava Limanının ərazisində yaxın vaxtlarda qazma işlərinə başlanılacaq. Hava limanının 2024-cü ildə istifadəyə verilməsi gözlənilir. Bu barədə iyunun 2-də "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanova istinadən Report xəbər verib.
Sözügedən aeroport ölkənin dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olacaq. Tikinti işləri Ovçu kəndində aparılacaq. Burada 6 təyyarə dayanacağının inşası planlaşdırılır.
Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ilin avqustunda qoyulub.
Hazırda ölkədə 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Onlar Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Zaqatala və Füzulidə yerləşir.
Füzuli hava limanının açılışı 2021-ci ilin oktyabr ayında baş tutub. Zəngilan Beynəlxalq Hava Limanının isə bu il sentyabrın birinci ongünlüyündə istismara verilməsi gözlənilir.