2022-ci ilin ilk 3 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 12,2 milyard dollara yaxın təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,5% çoxdur. Bu barədə 16 may tarixində Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatında deyilir.
Hesabata əsasən, 100 ölkəyə məhsul ixrac edilib, 140 ölkədən isə idxal olunmuşdur. Sözügedən dövr ərzində qeyri-neft-qaz məhsullarının ixracı real ifadədə 32,1% artaraq 727,2 milyon dollar təşkil edib.
Xarici ticarət dövriyyəsinin 36,3%-i İtaliya, 13,2%-i Türkiyə, 5,8%-i isə Rusiyanın payına düşüb. İxracda əsas tərəfdaşlar İtaliya (48,8%), Türkiyə (12%) və Portuqaliyadır (4,9%). İdxalda isə əsas partnyorlar Türkiyə (16,5%), Rusiya (16,3%) və Çindir (16,1%).