Azərkosmos İspaniyanın aerokosmik, müdafiə və təhlükəsizlik sahələri üzrə fəaliyyət göstərən “GTD Ingenieria de Sistemas” şirkəti ilə əməkdaşlığa başlayır. Bu barədə iyunun 2-də Azərbaycanın Kosmik Agentliyi tərəfindən məlumat verilib.
İmzalanmış Niyyət Protokolu sayəsində kosmik sahə üzrə analitika və həllər, peyk sistemlərinin inkişafı, təhsil proqramları çərçivəsində bilik və təcrübə mübadiləsi imkanları yaradılacaq.
“GTD Ingenieria de Sistemas” 30 ildən çox fəaliyyət göstərir. Şirkət kosmos, aerokosmik və enerji sənayesində, o cümlədən elm və tədqiqat əsaslı layihələr üzrə ixtisaslaşıb.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə peyk xidmətləri təqdim edilir. 2022-ci ilin yanvar-aprel aylarında Azərkosmos tərəfindən dünyanın 32 ölkəsinə 8,5 milyon dollar dəyərində xidmət ixrac edilib.