Bakıda “Passage 1901”də yerli istehsalçıların satış-sərgi yarmarkası – “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçirilir. Bu barədə 21 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Yarmarkada 100-dən çox biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və xidmətlər təqdim olunur. Tədbir çərçivəsində biznesini genişləndirmək istəyən sahibkarların ikitərəfli görüşləri və təqdimatları keçirilir, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılır, master klaslar, eləcə də musiqili proqram təqdim olunur. Yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarların satış imkanlarının genişləndirilməsi və yerli məhsulların tanıdılmasıdır.
Qeyd edək ki, tədbir 22 may tarixinədək saat 10.00-dan 20.00-dək qonaqlar üçün açıq olacaq.