Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb. Bu haqda iyunun 7-də Report xəbər yayıb.
32 yaşlı qadın müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.
TƏBİB-dən Report-a bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyunun 5-də gecə saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.
Belə ki, qadın tanışının polis tərəfindən saxlanılmasına görə üzərinə benzin tökərək özünü yandırıb. Polislərin müdaxiləsindən sonra alov söndürülüb və qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.