Bakıda “Location” gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb. Bu haqda iyulun 5-də APA məlumat yayıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası iyulun 18-nə təyin edilib. 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
İnsident aprelin 3-də gecə saat 03:00 radələrində Səbail rayonunda baş verib. Hadisəyə səbəb obyektdə qanunsuz olaraq quraşdırılan qaz balonundakı sızma olub. Ümumilikdə 4 nəfər həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Partlayışla əlaqədar üç nəfər həbs edilib. Obyekti icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov “yanğın təhlükəsizliyi qaydalarını pozma” maddəsilə ittiham edilir. Həmin MMC-nin təsisçisi - klubun meneceri Orxan Səfərov isə səhlənkarlıqda təqsirləndirilir.
Qeyd edilən ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə FHN-nin əməkdaşı Ruslan Məmmədov məsul idi. Onun tərəfindən vəzifələrinin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən olunub. Qurumun nümayəndəsi də istintaqa cəlb edilib.