Bu gün, iyunun 25-də Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.
Həmin reyslər həftədə bir dəfə - şənbə günü həyata keçiriləcək. Reys Şuşa və Ağdam reysi ilə tamamilə eyni formatda təşkil olunur. Ziyarətçilər Merdinli kənd məscidi, Füzulinin mərkəzi, yeni Beynəlxalq Füzuli Hava Limanı və Qarğabazar Karvansaray kompleksinə gedəcəklər.
Qurumun rəsmisinin sözlərinə əsasən, Füzulini ziyarət etmək istəyənlərin aktivliyi kifayət qədər yüksək olub: “İlk reysdə bütün biletlər satılıb. Avtobus 59 nəfərlikdir”.
Qeyd edək ki, biletləri yalnız "Yolumuz Qarabağa" portalı üzərindən onlayn qaydada əldə etmək mümkündür. Gediş-gəliş biletinin qiyməti 18 manat 40 qəpik təşkil edir.