Azərbaycanda 2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat təşkil edib. Bu barədə təhsil nazirinin müavini İdris İsayevə istinadən APA məlumat yayıb.
“Ən böyük göstərici - 2604 manat ali təhsildədir. Peşə təhsilində 1567 manat və ümumi təhsil pilləsində 1125 manatdır”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə əsasən, bu vəsait beynəlxalq standartlara uyğun təhsilin təşkil edilməsi üçün kifayət etmir: “Bizim göstəricimiz digər ölkələrdən dəfələrlə, təxminən 2-3 dəfə aşağıdır. Təbii ki, təhsil xərcləri artmalıdır”.
Qeyd edək ki, ali təhsil pilləsində təhsil alan tələbələrin 54%-i ödənişli təhsil alır. Ödənişli təhsil alanlardan da sosial həssas qrupa aid olan tələbələr mövcuddur. Onların da vəsaitləri dövlət büdcəsi hesabına ödənilir.