BP şirkətinin Cəbrayıl rayonunda inşasını planlaşdırdığı “Şəfəq” günəş elektrik stansiyasının (GES) 2024-cü ildə istismara verilməsi planlaşdırılır. Bu barədə energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, hazırda illik təxminən 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə GES-in inşası üzrə danışıqlar gedir: "Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, 2023-cü ildə stansiyanın inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir”.
“Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək”, - nazir əlavə edib.