Bu gün Azərbaycanda 230 meqavat gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu barədə 15 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, layihənin dəyəri 200 milyon dollar təşkil edir. GES ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsal olunmasına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov, Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei və "Masdar" şirkətinin idarə heyətinin sədri Mohammad Jameel Al Ramahi iştirak edəcəklər.
Qeyd edək ki, “Masdar” şirkəti Yaxın Şərqdə bərpa olunan enerji mənbələrinin işlənməsi sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən biridir.