26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı: Azərbaycanın ilk müntəzəm hərbi hissəsi yaradılıb.
Ordu quruculuğunu gücləndirmək məqsədilə 1 noyabr 1918-ci ildə Hərbi Nazirliyin bərpa edilməsi qərara alınıb. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
1920-ci ilin aprel ayında bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayır, ölkənin müstəqilliyinə və milli mənafelərə xidmət edən ordu quruculuğu isə yarımçıq qalır. Aprel işğalından sonra Cümhuriyyət ordusunun hissələri ləğv edilir, milli ordu üçün yaradılmış maddi-texniki baza isə talan olunur.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. İndiki Azərbaycan ordusu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun varisi hesab edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri sayılır.