15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu.
1991-ci ilin oktyabr ayında Azərbaycan müstəqil respublika elan edilir. Buna baxmayaraq, ölkədə hakimiyyət böhranı yaranır, əhalinin sosial vəziyyəti ağırlaşır, erməni işğalı isə vəziyyəti daha da gərginləşdirir. 1993-cü ildə artıq Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşir.
Belə bir dönəmdə ölkəni bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyev olur. Beləliklə, xalq Heydər Əliyevi Bakıya dəvət edir. 9 iyun 1993-cü ildə ümummilli lider xalqın çağırışına səs verərək Bakıya qayıdır. İyunun 15-də isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilir.
15 İyun Milli Qurtuluş Günü elan olunub və 1997-ci ildən bayram kimi qeyd olunmağa başlayıb.