104 il əvvəl 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə müsəlman şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Camo bəy Hacınski, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xudadat bəy Rəfibəyli və digərlərinin əməyi var idi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 aylıq fəaliyyəti ərzində ölkənin sərhədləri müəyyən edildi, bayrağı və himni təsis edildi, Azərbaycan dili dövlət dili elan edildi, ilk dəfə qadınlara seçim hüququ tanındı və bir çox digər tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətə dair atdığı addımlar sayəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanındı.
Azərbaycanın 1920-ci il aprel işğalından sonra Cümhuriyyət hökuməti süquta uğradı və burada sovet hakimiyyəti quruldu.
Azərbaycanda 1992-ci ildən 28 may tarixi rəsmi şəkildə Respublika Günü kimi qeyd olunmağa başlanıb. 2021-ci ildə isə 28 May - “Respublika Günü”nün adı dəyişdirilərək “Müstəqillik Günü” elan edilib.