25 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun bir neçə kəndini işğaldan azad edib.
Azərbaycan Silahlı Qüvvələri 23 oktyabr Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Nəticədə İkinci Qarabağ müharibəsi ərzində Qubadlı şəhəri ilə yanaşı, rayonun 41 kəndi erməni işğalından azad olunub.
Qubadlı və onun ətrafında yerləşən kəndlər XVIII əsrdə Qarabağ inzibati ərazisinin tərkibində idi. Daha sonra Qubadlı Zəngəzur mahalına, 1868-ci ildən Zəngəzur qəzasına daxil olub. Qubadlı rayonu 14 mart 1933-cü ildə yaradılıb.
31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində rayon işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılmış, tarixi abidələr və qəbiristanlıqlar məhv olunmuşdur.