Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb. Bu barədə Report 27 sentyabr tarixində xəbər verib.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyevanın sözlərinə görə, həmin faktlar da miqrasiya məsələsi ilə əlaqəlidir:
"Xarici ölkədən qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilirlər. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür".
Mərkəz rəsmisi bildirib ki, həmin şəxslərdən 18-i məhz Bakının payına düşüb: "Xəstəliyə yoluxanların yaş qrupuna gəlincə, yoluxanlardan 1 nəfər 0-1 yaş, 18 nəfər 1-18 yaş, 5 nəfər isə 18 yaşdan yuxarı olan şəxslərdir. Ümumilikdə yoluxanların 84 %-i xəstəliyə qarşı vaksinasiya olunmayanlardır".
G.Azadəliyeva xatırladıb ki, qızılca və digər vaksinlərin tam vurdurulması uşaqların müvafiq xəstəliklərə yoluxmalarının qarşısını ömürlük almış olur.