2022-ci ilin ilk 5 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 5,8 milyard kubmetr, “Şahdəniz” yatağından 10,6 milyard kubmetr, SOCAR üzrə isə 3,2 kubmetr qaz hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur. Bu barədə 10 iyun tarixində Energetika Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, cari ilin yanvar-may aylarında xaricə qaz satışı 27% artaraq 9,4 milyard kubmetr təşkil edib.
Hesabat dövründə AÇG-dən 8,8 milyon ton neft, “Şahdəniz”dən isə 1,9 milyon kondensat hasil edilib. SOCAR üzrə isə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib. Hasil edilən neftin 11,4 milyon tonu ixrac edilib.
Qeyd edək ki, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyun 2022-ci il tarixinədək 591,6 milyon tondan çox neft (kondensatla birlikdə) və 363,9 milyard kubmetr təbii qaz hasil edilib.