Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markalı pikapların yığılmasına başlanacaq. Bu haqda iyunun 13-də zavodun nümayəndəsi Fərhad Hüseynov APA-ya məlumat verib.
Onun sözlərinə əsasən, bu ilin sentyabr ayından "ZX Avto" markalı pikapların yığılması planlaşdırılır. Belə ki, ildə 300-400 "ZX Avto" avtomobilinin yığılması nəzərdə tutulur. Avtomobilin ehtiyat hissələri, əsasən, Çindən gətiriləcək.
F.Hüseynov bildirib ki, bir neçə hissənin Azərbaycanda hazırlanması üçün Çin şirkətinə müraciət edilib və əgər şirkətlə razılıq əldə olunsa, pikapların yığılması zamanı Sumqayıt zavodlarında istehsal edilən bir neçə hissə də istifadə edilə bilər.
Zavodun nümayəndəsi, həmçinin elektromobil istehsalı mövzusuna da toxunub və söyləyib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib, lakin istehsal ediləcək marka təsdiqlənməyib. O əlavə edib ki, artıq paytaxtda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.