XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Bu barədə İnsanoid Mədəniyyət Nazirliyinə istinadən bu gün, 5 oktyabr tarixində məlumat verir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 15-dək davam edəcək festivalın builki proqramı da olduqca zəngindir. Festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə cazsevərlərin zövqünü oxşayacaq.
Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramlarla çıxış edəcəklər.
Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti keçiriləcək.
Builki caz şöləninin proqramında gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” beynəlxalq müsabiqəsi də yer alıb. “Jazz & Vinyl” və “Gremmi” sahibləri ilə, tədqiqatçı Fuad Axundovla görüşlər, rəssam Eldar Qurbanovun "Cazın ağ quşları" sərgisi də proqrama daxildir.
Bakı Beynəlxalq Caz Festivalı haqqında ətraflı məlumatı festivalın rəsmi saytından əldə etmək mümkündür.