Culfada fəhlə tikinti zamanı xəsarət alıb. Bu barədə İnsanoid Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadən bu gün, 5 oktyabr tarixində xəbər verir.
İaşə obyektinin tikintisi zamanı Vidadi Gülməmmədov xəsarət alıb.
Araşdırma zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti işlərinə cəlb olunmuş şəxslərlə əmək müqaviləsinin bağlanmaması, onların əməyin mühafizəsi qaydaları ilə təlimatlandırılmaması, həmçinin işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilməməsi və təhlükəsizlik qaydalarının pozulmasının qarşısını almaq üçün hər hansı tədbirin görülməməsi müəyyən edilib.
Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1 (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.