Bakıda dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər. Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır, bu isə tıxacı artıran səbəblərdəndir: “Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımından vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi, dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər”.
Vüqar Bayramovun digər təkilf etdiyi metodlardan biri isə təhsil müəssisələrinin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir. Onun sözlərinə görə, bu, iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı, kiçik yaşayış məntəqələrinin də inkişafını stimullaşdırır.
İqtisadçı, həmçinin bildirib ki, Azərbaycanda hər min nəfərə 135 minik avtomobili düşür. Bu göstəriciyə görə, ölkəmiz dünyada 107-cidir.