Böyük Britaniyanın Azərbaycandakı Səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq. Bu haqda mayın 17-də Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd edilib ki, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə əsassız müdaxilədir.
“Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkinəcək”, - deyə bəyanatda vurğulanıb.
DİN-in verdiyi məlumata görə, bir neçə şəxs 2022-ci il mayın 14-də Səbail rayonunun “Fəvvarələr meydanı”nda dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib. Buna baxmayaraq, polis aksiyaya müdaxilə etməyib, əksinə iştirakçıların təhlükəsizliyini təmin edib.