Tovuz rayonunun Alakol kəndinin fermeri Ədalət Əsgərova məxsus heyvandarlıq təsərrüfatına dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən ödənilib. Bu barədə 10 dekabr tarixində Azərtac reportaj hazırlayıb.
Məlumata əsasən, fermer bir neçə ay əvvəl aqrar sığorta vasitəsilə südlük cins inəklərini 3 il müddətinə sığortalayıb. Fondun nümayəndəsi bildirib ki, bir neçə gün əvvəl sığortalanmış heyvanlardan birində xəstəlik aşkarlanıb və heyvana baxış keçirildikdən sonra onun məcburi kəsiminə qərar verilmişdir.
İnəyin qiyməti 5955 manat olduğundan 10% azadolma məbləği çıxılaraq, 5360 manat fermerin bank hesabına köçürülüb.
Azərbaycanda aqrar sığorta 2020-ci ilin noyabrından fəaliyyətə başlayıb. Baş verən sığorta hadisələrinə görə isə 105 min manatdan artıq ödəniş olunub.
Hazırda aqrar sığorta vasitəsilə südlük inək və camışlar sığortalanır. Gələcəkdə isə xırdabuynuzlu heyvanlar da sığortalanacaq.
Qeyd edək ki, sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.