Fermerlər üçün təşkil olunan “Aqro-Mən” müsabiqəsi başlayır. Bu barədə 21 iyun tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Təşkil olunan müsabiqənin məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına dəstək olmaqdır. Belə ki, müsabiqə iştirakçıları biznes planlarına uyğun olaraq müvafiq aktivlərlə (alət və avadanlıq) təmin olunacaqlar.
Müsabiqənin şərtləri:
- Layihə üzrə alınması nəzərdə tutulan avadanlığın maliyyə dəyəri maksimum 10 000 manat həcmində müəyyən edilir;
- Müsabiqədə 35 yaşa qədər regionlarda yaşayan gənc fermerlər iştirak edə bilərlər;
- Biznes ideyası kənd təsərrüfatı fəaliyyət sahəsinə aid olmalıdır;
- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir;
- Hər bir müraciətçi (fərdi və ya qrup halında) müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir.
Məlumatda bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri elektron formada
[email protected] ünvanına göndərməlidirlər:
- Ərizə forması;
- Biznes layihəsi;
- Biznes planın maliyyə qiymətləndirilməsi;
- Müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Layihənin icra olunacağı təsərrüfatla bağlı müvafiq sənədlər (torpağın müraciətçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasına dair sənəd)
Sənəd qəbulu 8 iyul 2022-ci il saat 18:00-a kimi davam edəcək və qeyd olunan vaxtdan sonra təqdim olunan müraciətlər nəzərə alınmayacaq.
Bildirilib ki, müsabiqənin nəticələri tərəfdaşların rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində paylaşılacaq.