Fövqəladə Hallar Nazirliyi (FHN) Xocalı şəhəri yaxınlığında səhra hospitalı quraşdıracaq. Bu barədə 27 sentyabr tarixində Report xəbər verib.
Bu məqsədlə FHN-in 53 avtomobili şəxsi heyət və zəruri avadanlıqlarla birgə sentyabrın 27-də Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola salınıb.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.
Azərbaycan yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq, 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşınını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salıb.
Eyni zamanda Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib.