Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar Bakının mərkəzində və mərkəzə yaxın yerlərdə günlük kirayə verilən mənzillərin kirayə haqları artıb. Bu barədə iyunun 7-də əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya istinadən Trend xəbər verib.
“Bahalaşma, əsasən, avtomobillərin hərəkət edəcəyi yolların kənarında yerləşən mənzillərdədir. Neftçilər prospekti boyunca mənzillərin günlük kirayə qiymətləri 250-300 manat arasında dəyişir”, - deyə ekspert bildirib.
Onun sözlərinə əsasən, yarışlara birbaşa baxışı olmayan ikiotaqlı təmirli mənzillərin günlük qiymətləri 70-80 manatdan 110-120 manata qalxıb.
Qeyd edək ki, Bakının mərkəzindəki əksər hotellərdə də qiymət artımı müşahidə edilir.
Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.