Azərbaycan Ermənistana qarşı 2022-ci ildə müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər qaldıracaq. Bu haqda dekabrın 8-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məlumat verib.
Məlumata əsasən, həmin konvensiyalar üzrə şikayət prosedurları bir-birindən fərqlənəcək.
“Azərbaycan iki konkret istiqamət üzrə şikayət irəli sürəcək. Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Digər məsələ isə enerji resursları ilə əlaqədar olacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi faktları toplanılır”, - deyə Elnur Məmmədov vurğulayıb.
Daha öncə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı “müharibə məhbuslarının dərhal geri qaytarılması” və Hərbi Qənimətlər Parkının bağlanmasına dair tələblərini rədd edib. İmtinaya səbəb Ermənistanın bir sıra məsələlərlə bağlı məhkəməyə əsaslandırılmış sübutlar təqdim edə bilməməsidir.