Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür. Bunu 28 iyun tarixində Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri APA-ya bildirib.
Onun sözlərinə görə, mövsümi olaraq avqust-sentyabra qədər suyun səviyyəsinin 30-40 santimetr artması gözlənilir: “Bu gün təkcə Azərbaycan alimləri deyil, bütün dünya Xəzərin suyunun nə üçün azalması ilə bağlı araşdırmalar aparır, bunun qarşısını almağın yollarını axtarır”.
Şöbə müdiri bildirib ki, Volqa çayında son 5-6 il ərzində suyun səviyyəsinin antropogen amillərlə əlaqədar azalması Xəzərdə səviyyənin aşağı düşməsinə səbəb olur.
“Həmçinin buxarlanmalar, Ayla əlaqədar qabarma-çəkilmələr də prosesə öz təsirini göstərir. Ümumilikdə, bütün proqnozlar göstərir ki, yaxın gələcəkdə də Xəzərdə suyun səviyyəsi azalmaqda davam edəcək", - deyə o bildirib.