İyuldan etibarən "Google pay" ödəmə sistemi Azərbaycanda aktiv olacaq. Bu barədə 16 iyun tarixində Report Azərbaycan bank sektorundakı mənbəyə istinadən məlumat verib.
Məlumata əsasən, platformanın Azərbaycanda aktivləşdirilməsi üçün işlər yekunlaşıb. Bildirilib ki, aprel ayında bununla bağlı "Google"la razılıq olub.
“"Visa" və "MasterCard" beynəlxalq ödəmə texnologiyası şirkətləri ilə də anlaşmışıq. Yalnız qarşı tərəfin bununla bağlı qərar verməsi qalıb”, - məlumatda bildirilib.
Qeyd olunub ki, proses 1 ay yubana bilər, lakin avqust ayından gec olmayacaq.
Bildirilib ki, "Samsung Pay" və "Pay Pal" kimi ödəmə platformalarının aktivləşməsi planda yoxdur.
"Google Pay" 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər cihazlarda çalışır.