Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Bu barədə 25 sentyabr tarixində Report Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olublar.
Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan hərbçilərinin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb, şahidlər dindirilib.