Bu gün, iyunun 17-də İspaniyanın paytaxtı Madrid şəhərində şahmat üzrə İddiaçılar Turniri start götürür.
Turnirdə Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək. Teymurdan əlavə, yarışda Alireza Firuzca (Fransa), Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE), Yan-Kşiştof Duda (Polşa), Din Lijen (Çin), Riçard Rapport (Macarıstan) və Fabiano Karuana (ABŞ) iştirak edəcək. Turnirdə şahmatçılar bir-biri ilə 2 görüş keçirəcək. İlk turda Rəcəbov ağ fiqurlarla Firuzcaya qarşı oynayacaq.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.