Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysı qəbul edib. Bu barədə 22 sentyabr tarixində Prezidentin mətbuat xidməti məlumat verib.
Dövlət başçısı ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində səylər göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd edib.
Azərbaycanla artıq 30 ildir əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru deyib ki, bu gün Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib.
Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkəmizin qarşısında duran və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr aparılıb.
Qeyd edilib ki, Azərbaycan ilə Dünya Bankı arasında əsas əməkdaşlıq sahələri bərpaolunan enerji, yaşıl iqtisadiyyat və şəhərlər, nəqliyyat əlaqələndirməsi, kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə bağlıdır.