İmişli rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Yeni formatda təşkil olunan bu festival sərgi və nümayiş, panel müzakirələri, startap zonalar, təlim və məlumat sessiyaları olmaqla bir neçə bölmədən ibarət olub.
Festivalın keçirildiyi iqtisadi rayonun və ətraf bölgələrin fermerləri, məhsul istehsalçıları tərəfindən ziyarət olunan sərgi bölməsində müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, heyvandarlıq sahəsi üçün tibbi, sanitar avadanlıq və dərmanlar nümayiş olunub.
Burada iştirak edən fermerlərə aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, ağıllı kənd təsərrüfatı sistemləri barədə məlumat sessiyaları keçirilib.