İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022”dəki səsvermə ilə bağlı açıqlama yayıb. Məlumat mayın 16-da qurumun Telegram hesabında paylaşılıb.
Bildirilib ki, azərbaycanlı münsiflərin verdiyi səslərə görə, 12 bal Ukraynaya verilmişdi. Lakin müsabiqə təşkilatçıları finalın sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər.
“Biz bu istəyi qətiyyətlə rədd etmişik. Yalnız bundan sonra yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı “qəribəliyin” olduğu barədə məlumat verildi. Lakin hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb”, - deyə vurğulanıb.
Məlumata görə, yayım zamanı yarış təşkilatçıları Bakıya bağlanmayıb və bizim adımızdan öz nəticələrini elan ediblər. İTV bildirib ki, səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi: “Heç kimə səsləri bizim adımızdan elan etməyə heç bir hüquq verməmişik”.