İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib. Bu barədə 17 iyun tarixində Təhsil Nazirliyi məlumat verib.
Məlumata əsasən, imtahanlar 18, 19 və 20 iyun tarixlərində davam edəcək.
Bildirilib ki, IV-VIII sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı, Gəncə, Şirvan və Şəki şəhərləri və Quba, Şəmkir, Oğuz, Biləsuvar, Şamaxı, Ağdaş və Ağstafa rayonlarında təşkil olunur. İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə isə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.
İmtahan nəticələri iyunun 24-ü məlum olacaq.
Qeyd olunub ki, artıq iki ildir ki, lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Yeni mexanizmə əsasən, şagirdlər üç təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə bilərlər.