Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya şöbəsinə 88 nəfər məişət zorakılığına məruz qalan şəxs qəbul edilib. Bu haqda iyunun 22-də Xidmət tərəfindən məlumat verilib.
Onlardan 60 nəfərin sosial reabilitasiyası başa çatıb və onlar cəmiyyətə reinteqrasiya olunublar.
Sözügedən şöbənin əsas məqsədi məişət zorakılığına məruz qalmış şəxsləri övladları ilə birlikdə sığınacağa yerləşdirmək və onların təhlükəsizliyini təmin etməkdir. Sığınacağa yerləşdirilən şəxslər 180 gün ərzində orada qalırlar. Onlara tibbi, psixoloji və hüquqi yardım göstərilir. Həmçinin mühafizə orderinin alınmasına köməklik edilir, məşğulluqlarına dəstək verilir.
Məişət zorakılığına məruz qalmış şəxslər fasiləsiz işləyən “Qayğı” Çağrı Mərkəzinə (116 123) zəng edə bilərlər.
Azərbaycanda məişət zorakılığına məruz qalanların hara müraciət edə biləcəyi haqda daha ətraflı keçid vasitəsilə tanış olmaq olar.