Yay mövsümündə Bakı metropolitenində sərnişin axınının azalması səbəbindən qatarların hərəkət qrafikində dəyişikliklər edilir. Bu haqda iyulun 4-də “Bakı metropoliteni” QSC-dən məlumat verilib.
Belə ki, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına interval 3 dəqiqə və daha çox olacaq.
“28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval hərəkət axını saatlarında 5, digər vaxtlarda 6 dəqiqə və daha çox olacaq.
Şənbə və bazar, eləcə də bayram günləri üçün Bakı metropolitenində qatarlar arasında interval saat 07:00-dan saat 21:00-a qədər 3 dəqiqə təşkil edəcək.
Qeyd edək ki, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.
Yay qrafikinin yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalması gözlənilir.