Nazirlər Kabineti fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə və mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumlarının tam məbləğdə dövlət büdcəsinə köçürülməsi ilə bağlı 24 may tarixində Qərar qəbul edib.
Qeyd olunanlarla əlaqədar müvafiq hüquqi aktlarda bəhs olunan istiqamətlərdə uyğunlaşdırma aparılıb.
Bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Facebook səhifəsində öz münasibətini bildirib. Onun sözlərinə görə, rüsum ləğv edilməyib. “Bundan öncə mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi”,- deyə o əlavə edib.