Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb. Bu barədə iyunun 16-da Səhiyyə Nazirliyindən məlumat verilib.
Dünyanın bir sıra ölkələrində meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb. Ötən gün Gürcüstanda da virusa ilk yoluxma faktı təsdiqlənib.
Qeyd edək ki, meymunçiçəyi zoonoz virus xəstəliyidir və insana, əsasən, heyvandan keçir. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir.
“İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağızın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər”, – deyə nazirlikdən vurğulanıb.