Neftçalada Kür çayının çəkilməsi nəticəsində küp qəbirlər üzə çıxıb. Bu haqda mayın 16-da APA məlumat yayıb.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Pirrəbə ərazisində tapılan qəbir çıxarılıb. Qəbirin içərisindən miniatür, kiçik ölçülü qab aşkarlanıb. Qabın gövdə hissəsi narşəkilli, ağız hissəsi quş dimdiyi formasındadır. Onun iki ədəd göz düyməcikləri var.
Daha sonra Cəngan, Bala Surra, Ərəbqadaşlar ərazisində də araşdırmalar aparılıb və daha bir küp qəbir aşkarlanıb. Qəbirlərin biri ölçülərinə görə uşağa mənsub olub, digər iki küp isə böyükdür.
Aşkar olunan nümunələr bizim eranın I-II əsrlərinə aid edilir.